Daşınar əmlakın yüklülüyü – Daşınar Əmlakın Yüklülüyü Haqqında Qanunun 4-cü maddəsində göstərilən əsaslarla öhdəliyin icrasının təmin edilməsi üçün qanun və ya əqd əsasında daşınar əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması;

Yüklülük sahibi – yüklülüklə təmin edilmiş öhdəlik icra edilmədikdə yüklülük predmetinə tutma yönəldilməsi hüququ olan şəxs;

Yüklülük verən – yüklülük sahibinin xeyrinə yüklülüyü yaradan şəxs Borclu – yüklülük sahibinin xeyrinə yüklülüklə təmin edilmiş öhdəliyi icra etməli olan şəxs, yaxud belə öhdəliyi olan üçüncü şəxs;

Üstünlük hüququ – yüklülük predmeti hesabına yüklülük sahibinin tələbinin digər yüklülük sahiblərinin və kreditorların tələblərinə münasibətdə üstün növbədə ödənilməsi;

Bildiriş – daşınar əmlaka yüklülüyün yaranması, yüklülüyə dəyişikliklər edilməsi, onun xitamı, habelə daşınar əmlak üzərində yüklülüyə etiraz edilməsi ilə bağlı qeydlərin aparılması üçün daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilən məlumat;

Yüklülük predmeti – Daşınar Əmlakın Yüklülüyü Haqqında Qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş daşınar əmlak, habelə tələblər və hüquqlar;

İstifadəçi – reyestrə bildiriş daxil edən yüklülük sahibi, yüklülük verən, borclu və ya reyestrdə axtarış aparan şəxs; İnzibatçı – istifadəçi tərəfindən onun şəxsi kabinetini idarə etmək və əməliyyatlar həyata keçirmək, istifadəçinin şəxsi məlumatlarında dəyişikliklər etmək, yeni qeydiyyatçı profilləri yaratmaq, həmin qeydiyyatçıları şifrələrlə təmin etmək və giriş hüququ ilə bağlı digər məsələlərdə səlahiyyətliləndirilmiş fiziki şəxs;

Qeydiyyatçı – inzibatçı tərəfindən profili yaradılmış, bildirişləri doldurmaq və reyestrə daxil etmək səlahiyyətlərinə malik olan fiziki şəxs;

Şəxsi kabinet – reyestrin internet səhifəsində istifadəçinin eyniləşdirmə məlumatlarının, habelə bildirişlərin və onlar üzrə əməliyyatların tarixçəsinin, həmçinin reyestrdə aparılmış axtarışların nəticələrinə dair məlumatların göstərildiyi şəxsi səhifə. Reyestrə istifadəçi tərəfindən bildirişlərin daxil edilməsi və reyestrdə axtarışın aparılması üçün şəxsi kabinetin açılması zəruridir;