Reyestrin yaradılmasında zərurət və məqsəd

Azərbaycanda daşınar əmlakın qeydiyyata alındığı vahid bir sistemin olmaması, xüsusilə KOS subyektlərinin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını məhdudlaşdırır.

Dünya Bankının məlumatına görə, Azərbaycanda KOS subyektlərinin aktivlərinin cəmi 22 faizini torpaq və daşınmaz əmlak, 34 faizini debitor borclar, 44 faizini isə maşın və avadanlıqlar təşkil edir. Kreditorların qəbul etdiyi girovların isə 73 faizi torpaq və daşınmaz əmlak, cəmi 27 faizi isə daşınar əmlakdır. Azərbaycan bankları girov kimi daşınmaz əmlaka üstünlük verir ki, bu da sahibkarlar üçün ciddi məhdudiyyət yaradır və onların əksəriyyəti bankın maliyyələşmə tələblərinə cavab verə bilmirlər. KOS subyektlərinin əksəriyyəti daşınmaz əmlakın, məsələn, torpaq girovunun olmaması səbəbindən ənənəvi təminatlı kreditlər üçün müraciət etməyə maraq göstərmir, yaxud müraciət edə bilmir.

Qanunvericiliklə həm daşınar, həm də daşınmaz əmlak üzərində təminat hüququnun yaradılmasına icazə verilməsinə baxmayaraq, praktikada banklar nəqliyyat vasitələri və qiymətli kağızlar istisna olmaqla, çox nadir hallarda daşınar əmlakla təmin edilmiş kreditlər ayırırlar. Azərbaycandakı KOS subyektləri arasında aparılmış sorğunun nəticələri göstərir ki, KOS subyektləri daha aşağı yüklülük tələbi olan və daha asan müraciət prosedurları tələb edən kreditlər üçün müraciət etməyə üstünlük verirlər. KOS subyektləri arasında kreditə müraciət etməmələrinin səbəbləri ilə bağlı aparılmış sorğularda əsasən iki amil – müraciət prosedurlarının mürəkkəbliyi və yüklülük tələblərinin yüksək olması qeyd edilmişdir.

Reyestr KOS subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılmışdır. Reyestr maliyyə qurumlarını KOS subyektlərinin daşınar aktivləri barədə mərkəzləşdirilmiş şəffaf məlumatlarla təmin edir və bununla da, banklar təminat predmeti kimi təqdim edilmiş əmlakın başqa bir yerdə yüklü olub-olmadığı haqda məlumat əldə edir. Reyestr habelə banklara təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı verir. Bundan başqa, reyestr banklara iflas vəziyyətində olan sahibkarlıq subyektinin qoyduğu təminat predmetini daha asanlıqla satmaq imkanı yaradır.

 

Haqqımızda

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə 12 ədəd strateji yol xəritəsi təsdiq edilmişdir. Bunlardan biri də “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”dir (Strateji Yol Xəritəsi).

Strateji Yol Xəritəsinin 2.3.1-ci və 2.3.2-ci tədbirləri ilə müvafiq olaraq daşınar əmlakın yüklülüyünə dair qanunvericiliyin təkmilləşdirilməsi və daşınar əmlakın yüklülüyünün reyestrinin yaradılması tapşırılmışdır.

“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli qanunu qəbul olunmuş və beləliklə öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimi, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydaları, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələlər vahid qanunda əks olunmuşdur.

Ölkə başçısının  2017-ci il 24 may tarixli 1420 nömrəli Fərmanı ilə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunda nəzərdə tutulmuş daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestri 15 mart 2018-ci ildən fəaliyyət göstərir.